"Azəryolservis" daha 3 layihəni yekunlaşdırır

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir və Kürdəmir-Ucar-Yevlax-Tərtər hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası tam sürətlə həyata keçirilir və yekunlaşmaq üzrədir.

 

“Azəryolservis” ASC-dən APA TV-yə verilən məlumata görə, sözügedən avtomobil yolunun yenidənqurulması layihəsi 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində aparılır.

 

Hacıqabul-Kürdəmir yolunun uzunluğu 80 kilometr, Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun uzunluğu isə 87,8 kilometrdir. Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax-Tərtər hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 4 ədəd yol qovşağı və 5 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Hazırda körpülərdə son tamamlanma işləri görülür.

 

Bundan başqa, Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikintisi də başa çatmaq üzrədir. Layihə çərçivəsində yol ötürücüsünün dayaqları və istinad divarlarının tikintisi artıq başa çatıb. Hal-hazırda körpüdə aşırım qurğusunun tikintisi tamamlanmaq üzrədir. Körpüdə beton işlərinin isə bu ayın sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

 

Yeni yol ötürücüsündə inşaat işlərinin xeyli hissəsi, daha dəqiqi, 85 faizi yerinə yetirilib. 2015-ci ilin sonu - 2016-cı ilin əvvəllərində isə avtomobil körpüsünün istismara verilməsi planlaşdırılır. Körpü istismara verildikdən sonra onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər artıq başa çatdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv