Sel suları Astarada ciddi fəsadlar yaradıb

Astarada sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hazırda ərazidə texnikaların və canlı qüvvənin köməyi ilə intensiv işlər aparılır.

 

Rayon Fövqəladə Hallar Komissiyası və  İcra Hakimiyyəti tərəfindən yaradılan qərargahın üzvləri üç gün ərzində ciddi müzakirələr apardıqdan sonra çıxış yolu tapılıb. Yolun yatağı  təxminən 2 metr dərinlikdə  qazılıb. Suyun axınını tənzimləmək məqsədilə inşa olunacaq təxminən 150 metr məsafədə 500 mm-lik borular uzadılır. Məqsəd suyun dənizə çıxışını təmin etməkdir. Qrunt sularının çoxluğu və yeraltı kommunikasiya xətlərinin keçməsi işin sürətlə aparılmasını ləngitsə də, aidiyyəti qurumların iştirakı ilə qarşıya çıxan maneələr aradan qaldırılır.

 

Qeyd edək ki, son günlər yağan intensiv yağıntılar Astara şəhərində ciddi problemlər yaradıb. İlkin məlumatlara görə, şəhərin mərkəzi ərazilərində 150-yə yaxın ev və təsərrüfatlar 10 gündür ki, su altında qalıb. Vətəndaşlara xeyli ziyan dəyib. Sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar. Bu istiqamətdə vəziyyətin normallaşdırılması istiqamətində görülən işləri tamamlamaq mümkün olarsa, günün sonuna qədər həyətlərdəki suyun səviyyəsini minimuma endirmək mümkün olacaq.

 

Müəllif | Apa.Tv