Goranboyda tələbələri gətirən avtobus qəzaya uğradı: 15 nəfər xəstəxanalıq oldu

Bakı-Qazax magistral yolunda iki sərnişin avtobusu toqquşub.

 

APA TV-nin məlumatına görə, hadisə yolun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi yaxınlığında qeydə alınıb.

 

Bakı-Gəncə marşrutu üzrə işləyən “Mercedes” markalı sərnişin avtobusu qarşısında gedən, Azərbaycan Dövlət Aqrar Universitetinə məxsus “Hyundai” markalı bir başqa avtobusa çırpılıb və avtobus aşıb.

 

ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli bildirib ki, universitetin tədris proqramına uyğun olaraq Qəbələdən tədris təcrübəsindən qayıdan tələbələrin olduğu avtobus Goranboyda qəzaya uğrayıb: "Mikroavtobusumuzu arxadan bir başqa sərnişin avtobusu vurub. Nəticədə tələbələrimiz yüngül dərəcəli xəsarətlər alıblar. Mikroavtobusda 15 tələbəmiz olub, onların hamısı müayinə olunub. Heç birində ciddi xəsarət yoxdur. 2-3 nəfərdə yüngül əziklər var idi. Onlar da müayinədən sonra evə buraxılıb".

 

Avtobusda olan tələbələr müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Həkim Mehman Hüseynov onların vəziyyətlərinin normal olduğunu bildirib: "Şöbəmizə 15 nəfər müraciət edib. Xəstələrin bir qismi  yüngül xəsarət aldığından, ambulator müalicə alıblar. Bir qismi isə hazırda şöbəmizdə müayinə dövründədir. Onların vəziyyəti yaxşıdır. Həyatlarına təhlükə yoxdur".

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv