Putin ABŞ-ı hədələdi
ABŞ-ın Raketdən Müdafiə Sisteminin (RMS) genişləndirilməsi başda Rusiya olmaqla digər nüvə dövlətlərinin strateji nüvə potensialının neytrallaşdırılmasına hesablanıb.
APA TV-nin “TASS”a istinadən xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin inkişafına həsr olunmuş iclasda bildirib.
“Biz bu cür hərəkətləri raket-nüvə silahları sahəsindəki mövcud pariteti pozmaq cəhdi kimi dəyərləndirdiyimizi dəfələrlə qeyd etmişik. Əslində əsas məqsəd qlobal və regional stabillik sistemini bütövlükdə sarsıtmaqdır”, - deyə Rusiya prezidenti vurğulayıb.
“İran və Şimali Koreyanın nüvə təhlükəsi ilə bağlı iddialar əsl planları ört-basdır etmək üçün bəhanədir. Onların əsl məqsədi ABŞ və onun müttəfiqləri istisna olmaqla, başda Rusiya olmaqla digər nüvə dövlətlərinin strateji nüvə potensialının neytrallaşdırmaqdır”, - deyə Putin qeyd edib.
Onun sözlərinə görə, Rusiya istənilən raket əleyhinə müdafiə sistemlərini dəf etmək qabiliyyətinə malik zərbə sistemlərini inkişaf etdirəcək.
Qeyd edək ki, ABŞ bundan əvvəl çoxpilləli raket əleyhinə müdafiə sisteminin uğurla sınaqdan keçirildiyini bildirib.