Obama cinsi azlıqların jurnalı üçün foto çəkdirdi - TARİXDƏ İLK
ABŞ prezidenti Barak Obama cinsi azlıqların "Out Magazine" jurnalının üz qabığına fotosu çəkilən ilk ABŞ prezidenti olub.
APA TV-nin Qərb mətbuatına istinadən məlumatına görə, Amerika prezidenti cinsi azlıqlar cəmiyyətinin 100 ən məşhur üzvünə həsr olunmuş "Out 100" buraxılışının üz qabığına çəkilib və "ilin müttəfiqi" adlandırılıb.
ABŞ prezidenti bəyan edib ki, "Out Magazine" jurnalına könüllü olaraq şəkil çəkdirib. "Bütün insanlar bərabər hüquqlu yaradılıblar. Mən prezident kimi ABŞ vətəndaşlarının hər birinə verdiyim dəyəri bir daha nümayiş etdirdim. İnsanlar öz həyatlarını və necə yaşayacaqlarını özləri müəyyənləşdirir. Mənim məqsədim isə vətəndaş hüququnun qorunmasıdır", - deyə o əlavə edib.
Xatırladaq ki, 2015-ci ilin iyununda ABŞ-ın Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinsli nikahların qanuniləşdirilməsi barədə qərar qəbul edib.