Kemeron britaniyalıları Avropa Birliyindən çıxmağa səs verməyə çağırır

İngiltərənin baş naziri Devid Kemeron ölkə vətəndaşlarını krallığın Avropa Birliyindən çıxmasının lehinə səs verməyə çağıracaq.

 

APA TV-nin Euronews-a istinadən məlumatına görə, Devid Kemeron Brüsseldə keçiriləcək növbəti toplantıda təmsilçilərin Avropa Birliyində islahatlar aparılmasına mənfi yanaşacağı halda, bu addımı atacağını bildirib.

Baş nazir həmin islahatlarla bağlı bəzi təkliflərini də səsləndirib. Sözügedən təkliflər birlik ölkələri daxilində milli qanunvericilik prinsiplərinin möhkəmlənməsi, qurumun üzv ölkələrin maliyyə siyasətinə qarışmaması və miqrant axınının dayandırılması üçün sərt tədbirlərin görülməsindən ibarətdir.

“Avropa Birliyinin quruma üzv olan və olmayan ölkələrlə münasibətlərin qurulması üçün sabitliyə ehtiyacı var. Üzv ölkələrin bir qismi sıx iqtisadi və siyasi inteqrasiya yolunu seçir, İngiltərə kimi dövlətlərin isə belə bir hədəfi yoxdur. Buna görə də biz bir-birimizlə səmimi, açıq fikirli olmalıyıq. Digər ölkələrlə daha sıx bir ittifaqa qoşulmaq artıq İngiltərənin marağında deyil. Biz buna inanmır və belə bir prosesdə iştirak etmirik. Biz Avropaya tamam başqa nəzərlərlə baxırıq”, - deyə Kemeron əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv