Təhsil Nazirliyi: “Əlaçı” təqaüdü şəhid və məcburi köçkün ailələrindən olan tələbələrə də verilə bilər

“Prezidentin sərəncamına müvafiq olaraq birinci yarım ildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd yüksək akademik göstəriciləri ilə fərqlənənlərə şamil ediləcək. Dövlət sifarişi əsasında təhsil alanlar da, ödənişli əsaslarla təhsil alanlara da bu sərəncam aiddir”.

 

APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması” haqqında Azərbaycan prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında edilən dəyişikləri şərh edərkən deyib.

 

Natiq  İbrahimov bildirib ki, bu zaman təhsil müəssisəsində cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı nəzərə alınacaq. Dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərə görə ödəniləcək: “Bu o deməkdir ki, ali və orta ixtisas təhsil müəssisələrində ödəniləcək təqaüd semestrin nəticələrinə görə, akademik göstəricilərinə əsasən ən yüksəkdən başlayan sıralamada yerə uyğun olaraq müəyyən ediləcək”.

 

Natiq İbrahimov onu da qeyd edib ki, bu sərəncam doktorantlara və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdlərinə şamil olunmayacaq. Onlara təqaüdlər əvvəlki qaydada ödəniləcək.

 

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov isə bildirib ki,  semestr nəticələrinə görə fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü verilir. Bu halda hər bir fənn üzrə tələbənin akademik göstəricisi 91 baldan az olmamalıdır. Semestr nəticələrinə görə fənlər üzrə ÜOMG-si 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü verilir. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100, digər fənlərdən isə 71 baldan az olmamalıdır: "Şəhid ailələri, məcburi köçkün, qaçqın və bu qəbildən olan ailələrdən olan gənclərə hətta bu gənclər ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunsa belə, onların təhsil haqqı dövlət tərəfindən ödənilirdi və ödənilir. Həmin sərəncam bu qəbildən olan gənclərin təhsil haqqını dövlət tərəfindən ödəməklə yanaşı, eyni zamanda onlar üçün şərait və şans yaradır ki, yüksək akademik təhsil göstəriciləri əldə etməklə onların təqaüd almaq imkanları da yaranır".  

 

Müəllif | Apa.Tv
Almaz Qasımova