Azərbaycan prezidenti Hərbi-Hava Qüvvələrinin hərbi şəhərciyində olub

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub.

 

APA TV-nin məlumatına görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısına raport verib.

 

Prezident İlham Əliyev hərbi şəhərciyin baş planı və əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub.

 

Sonra Ali Baş Komandan əsgər yataqxanasında olub. Prezident İlham Əliyevə texnika parkı haqqında da məlumat verilib. Buradakı müasir texnikalar döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Parkda həmçinin texnikaya texniki xidmət, təmir və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

 

Sonra Ali Baş Komandan hərbi hissənin raket anbarına baxıb. Dövlət başçısı S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirib, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.

 

Prezident İlham Əliyevə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verilib.

 

Dövlət başçısı bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Ermənistanın hərbçilərimiz tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.

 

Ali Baş Komandana Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib. Bildirilib ki, döyüşün idarəetmə məntəqəsi də ən müasir hərbi avadanlıqla təchiz edilib.

 

Dövlət başçısı təlim-məşq kompleksi ilə tanış olub. Kompleksdə döyüş növbətçiliyinin aparılmasının təşkili, şəxsi heyətin döyüş texnikası ilə işləmə səriştələri yoxlanılır.

 

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan raketlərin start mövqeyində atıcı qurğulara baxıb.

Müəllif | Apa.Tv
Apa.tv