Oktyabrda Azərbaycan sərhədçiləri axtarışda olan 328 nəfəri saxlayıb

2015-ci ilin oktyabr ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 34 halda 35 nəfər saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 27 nəfəri Azərbaycan, 3 nəfəri Nige­riya, 2 nəfəri İran İslam Respublikası, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun və Kot-Divuar vətəndaşları olub.

 

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 2 halda 2 nəfər, Xəzər dənizində 14 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

 

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 6 kiloqram 476,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 

18 oktyabr tarixində Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarət məntəqəsinin xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sahildən 8,3 mil məsafədə balıq ovunda istifadə olunan buyun lövbər ipinə bərkidilmiş 2 bağlamada 2 kiloqram tiryək və 1 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.                      

Müəllif | Apa.Tv
Apa.tv