Misirdə rus təyyarəsinin partladığı yerdə İŞİD ard-arda terror aktları törətdi

Misirin şimalında yerləşən və oktyabrın 31-də Rusiya təyyarəsinin qəzaya uğradığı Sinay yarımadasında terror aktı törədilib.

 

APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, ilk olaraq terrorçular yaşayış binasını atəşə tutub.


Bundan bir neçə dəqiqə sonra Əl-Əriş şəhərində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində həlak olanların çoxu bir ailənin üzvüdür. Ölənlərdən ikisi uşaqdır. Yerli polisin məlumatına görə, bu regionda baş verən terror hadisələrinin çoxu İŞİD-lə birbaşa əlaqəsi olan "Ənsər Beyt əl-Məqdis" qruplaşması tərəfindən törədilir.


2013-cü ilin yay aylarından Sinay Misirin ən qaynar nöqtəsi hesab olunur. Burada törədilən ən qanlı terror hadisələrindən biri ötən ilin 24 oktyabrında baş vermiş, nəticədə 31 hərbçi öldürülmüşdü.

Müəllif | Apa.Tv
Apa.tv