Bacısının başını kəsən qız psixiatrik xəstəxanaya göndərildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının başını kəsməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV-nin Lent.az-a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərinin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla bağlı Pərvanə Nuriyeva Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasına göndərilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 15-ə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi keçən il oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi 18, bina 1 “a” mənzil 39-da baş verib. Həmin gün saat 13:50-də qətlə yetirilmiş 20 yaşlı Günel Nuriyevanın bacısı kollecdən evə qayıdıb. O, özündəki açarla qapını açıb, içəri daxil olarkən dəhlizdə qan ləkələrini və qırılmış vazanı görüb. Bədbəxt hadisənin baş verdiyini anlayaraq, qorxusundan otağa daxil olmadan evdən çıxıb. Dərhal polisə məlumat verən qız eyni zamanda əkiz bacısı Pərvanəyə də zəng edib. O, musiqi məktəbində təhsil alan Pərvanəyə dəhlizdə qan ləkələrini gördüyünü deyərək, onu evə çağırıb. Pərvanə gələnə qədər polis növbətçiləri artıq evə çatıblar.
Qeyd edək ki, Nuriyevlər ailəsinin 3 qız övladı var. Qızlardan ikisi əkizdir.