Azərbaycanda təhsil şöbəsinin müdirləri və prorektorlar işdən çıxarıldı

Azərbaycanda iki rayonun təhsil şöbəsinin müdiri nöqsanlara görə tutduqları vəzifədən kənarlaşdırılıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə vəzifədən azad olunublar.

 

Bundan başqa, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduqları vəzifədən azad ediliblər.

 

Məlumatda o da bildirilib ki, Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. 

 

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad edilib. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin olunub.

 

Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv