Moskvada daha bir azərbaycanlı iş adamı güllələnib - TƏFƏRRÜATLAR!
Moskvada daha bir azərbaycanlı iş adamı qətlə yetirilib. APA TV-nin məlumatıns görə, öldürülən azərbaycanlının Baykal küçəsində yaşadığı və həmin ərazidə kiçik bizneslə məşğul olduğu bildirilir. Onun mütəmadi olaraq, həmin küçədə yerləşən kafelərdən birində yemək yediyi, qətldən əvvəldən həmin kafeyə getdiyi güman olunur. Şahidlərin sözlərinə görə, 45 yaşlı Fabris Salam-Hüseynov öz avtomobilini Baykal küçəsi, 29 saylı evin qarşısında saxlayıb. Maşından düşən zaman ona iki naməlum şəxs yaxınlaşıb. Soydaşımız həmin şəxsləri görən zaman əlini silahına ataraq atəş açmaq istəyib, lakin buna macal tapmayıb. Qatillər soydaşımızın baş nahiyəsinə bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar. Azərbaycanlı iş adamı aldığı güllə yaralarından hadisə yerində keçinib. Şahid ifadələrindən bu qənaətə gəlmək olar ki, öldürülən şəxs qatilləri tanıyırmış. Cinayətin səbəbləri araşdırılır. İş adamının qohumları naməlum şəxslərin Fabrisi dəfələrlə ölümlə hədələdiklərini etiraf ediblər. Bu səbəbdən hüquq-mühafizə orqanları qətlin sifarişli xarakter daşıdığını və öldürülən şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu ehtimal edirlər. Hadisə yerində araşdırma aparılır, cinayətkarların isti izlərlə tapılması üçün zəruri tədbirlər görülür.