Əli Həsənov: “Ermənistan Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır”
“1990-cı illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratik, plüralist cəmiyyətin formalaşdırılması qarşıda duran başlıca vəzifə kimi müəyyən edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 yaşı tamam olan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hakimiyyət bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azadlıqlarının təməl prinsipləri təsbit olunub və sonrakı mərhələdə uğurla həyata keçirilib”.
APA TV-nin xəbərinə görə, bu sözləri “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda keçirilən Ombudsmanların Bakı Beynəlxalq Konfransında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir:
“Ötən əsrin sonlarında Azərbaycan qonşu Ermənistanın ərazi iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalıb. Birmənalı şəkildə demək olar ki, ermənilər məqsədyönlü şəkildə münaqişəni silahlı mübarizə müstəvisinə keçirib. Hələ 1980-ci illərin sonlarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı deportasiya olunub. 1992-ci ilin əvvəllərində isə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərində soyqırım törədilib, yüzlərlə insan qətlə yetirilib, mindən artıq sakin isə əsir götürülüb. Daha sonra Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan ətrafındakı 7 rayon ermənilər tərəfindən işğal olunub, bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə salınıb".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda sülh və təhlükəsizliyin təmin edilməsi məsələsinə böyük önəm verir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
"Ermənistan Xəzər hövzəsi enerji resurslarının Avropa bazarlarına daşınmasında münasib məkanda yerləşməsinə baxmayaraq, geosiyasi mövqeyinin ona verdiyi bu fürsətdən istifadə etməyib ki, bu da onun üçün ağır nəticələrə səbəb olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir. Şübhəsiz, bu problem olmasaydı və yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha çox inkişaf edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin olunardı”.
Ə. Həsənov bildirib ki, Ermənistan Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır və regionda sabitliyi təhdid etməklə həm də mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasına mane olmağa çalışır.