Ziyafət Əsgərov: "Heç kim bizə şərt qoya bilməz"
“Rusiya ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir. Əslində Dağlıq Qarabağ problemi bizə SSRİ-dən qalmış problemdir və Rusiya da SSRİ-nin hüquqi varisidir. SSRİ-nin varisi kimi Dağlıq Qarabağ probleminin həllində Rusiya daha çox maraqlı olmalıdır”.
APA TV -nin məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z. Əsgərov deyib ki, çox təəssüf ki, bu günə qədər nəticə əldə edilməyib:
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda da, o cümlədən İrəvanda da olarkən bəyanat verib. Rusiya problemin yerindən tərpənməsinə köməklik göstərmək istəyirsə, bu, yaxşıdır. Amma biz münaqişənin köklü surətdə həll olunmasını arzulayırıq".
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli müqabilində Rusiyanın Azərbaycanın Avrasiya İttifaqına üzv olması barədə şərt irəli sürməsi barədə yayılan xəbərlərə gəlincə, Z. Əsgərov bildirib ki, Azərbaycanla heç him şərt dilində danışa bilməz:
“Heç kim bizə şərt qoymasın. Bizim haqqımızdır ki, suverenliyimizi və ərazi bütövlüyümüzü təmin edək. O başqa məsələdir ki, Azərbaycan hansı təşkilatlarla əməkdaşlıq edəcək, necə edəcək, hansı şəraitdə edəcək. Azərbaycanın milli və dövlət maraqlarına cavab verəcəksə, bu məsələyə də baxmaq olar. Əvvəldən şərt qoymaq düzgün deyil. Onu da deyim ki, mən həmin şərti eşitməmişəm, bəzi mətbuat orqanları yazır. Amma bizimlə şərt dilində danışmaq lazım deyil”.
Ziyafət Əsgərov bəzi dövlətlərin , o cümlədən daxildə olan bəzi təşkilatların Azərbaycanda tolerantlığa, mövcud ictimai-siyasi sabitliyə qısqanclıqla yanaşmasına diqqət çəkib:
"Azərbaycan tolerant dövlətdir, ölkədə müxtəlif dini konfessiyalar fəaliyyət göstərirlər. Hər bir halda dini radikalizmin əleyhinəyik. Azərbaycanda oturuşmuş dini ənənələr var və Azərbaycanda dini inancları olan insanlar bu ənənələrə sadiqdirlər. Kim din pərdəsi altında radikal addımlar atacaqsa, müvafiq olaraq cəzalanacaqlar".