Həyat yoldaşını bıçaqlayan şəxsə ağır cəza
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Təhmasib Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
APA TV-nin xəbərinə görə, bu il aprelin 9-da Kliniki Tibbi Mərkəzə deşilmiş-kəsilmiş yaralarla Təhmasib Mirzəyev və həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Mirzəyeva daxil olub.
Onların üzərində cərrahi əməliyyat aparılıb. Məlum olub ki, hadisə səhər saat 10:00 radələrində Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068 ünvanında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin binasında, birinci mərtəbədə liftin qarşısında baş verib.
Ötən il ailə həyatı quran cütlük arasında ailə münaqişəsi zəminində mübahisə baş verib və buna görə Nigar Mirzəyeva acıq edərək, anasıgilə gəlib. Həyat yoldaşı ondan evə qayıtmağı tələb etsə də, qadın bundan imtina edib. Səhər saatlarında qayınanasının yaşadığı binanın qarşısına gələn Təhmasib arvadı və baldızının işə gedəcəklərini bilərək liftin qabağında onları gözləyib.
Nigar liftdən çıxan kimi Təhmasib onun döş qəfəsi və boyun nahiyələrinə bıçaqla zərbələr endirib. Hadisə yerindən qaçan Təhmasib binanın həyətində kəsici alətlə qarın nahiyəsinə zərbələr vurub və sonra qollarını doğrayıb.
Məhkəmə prosesində T.Mirzəyev ittiham üzrə özünü qismən təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Məhkum hökmdən apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.