Azərbaycan prezidentinə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub

Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qəbul edib.

 

APA TV-nin məlumatına görə, BMT ilə uğurlu əməkdaşlığa görə dövlət başçısına minnətdarlığını bildirən B.Osotimehin əlaqələrimizin inkişaf etdirilməsinə Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən məmnunluğunu ifadə edib.

 

Heydər Əliyevin 1994-cü ildə BMT-nin Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransında iştirak etdiyini böyük ehtiramla xatırlayan qonaq ölkəmizin insan haqları və uşaq hüquqları məsələsində böyük nailiyyətlər qazandığını və gender bərabərliyinə, qadın və ana hüquqlarının qorunmasına önəm verdiyini vurğulayıb, Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək dəyərləndirib. Ölkəmizin əlverişli coğrafi mövqeyinə və əldə etdiyi uğurlara toxunan B.Osotimehin Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da rolunu xüsusi qeyd edib.

 

Azərbaycan prezidenti isə ölkəmiz haqqında və əldə olunan nailiyyətlərlə bağlı dediyi xoş sözlərə görə B.Osotimehinə təşəkkürünü bildirib. O, qeyd edib ki, Azərbaycanda insanların gündəlik həyatına mənfi təsir göstərmədən iqtisadi islahatlar həyata keçirilməklə, sosial proqramlar da paralel olaraq icra edilib və nəticədə iqtisadiyyat gücləndikcə, insanların həyat şəraiti də yaxşılaşmağa başlayıb. Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə əməkdaşlığı müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyib.

 

Sonra B. Osotimehin BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərdiyinə, eləcə də Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətlərinə görə BMT-nin Əhali Fondu adından mükafatı prezident İlham Əliyevə təqdim edib.

Müəllif | Apa.Tv
Apa.tv