Bakıda yol çöküb, avtomobil və piyada yarğana düşüb
Bakının Binəqədi rayonunda yol çöküb. APA TV-nın məlumatına görə, hadisə Cəfər Xəndan küçəsində baş verib.
Yol kənarında dayanmış "Nissan" markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.
Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Xoşbəxtlikdən həmin şəxs heç bir xəsarət almayıb.
Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.
“Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, həmin kanalizasiya xəttində bərpa işləri həyata keçiriləcək. Problem aradan qaldırıldıqdan sonra yolun bərpası istiqamətində tərəfimizdən tədbirlər görüləcək.
“Bakı Su-kanal” idarəsinin rəis müavini Əlizadə Nəsirov yarğana avtomobilin və insanın düşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, qəza baş vermiş kanalizasiya xətti uzun illərdir istismardadır: "Xətt 25 ildən artıqdır istismar olunur. Diametri 1200 mm-dir. Görünür, uzun müddətdir istismar olunduğundan xətdə aşınma baş verib və nəticədə çökmə əmələ gəlib. Hazırda bütün lazımi tədbirlər görülür. Qısa müddət ərzində qəza aradan qaldırılacaq".
Yolun çökdüyü ərazidə gecə saatlarından təmir işlərinə başlanılıb. Yolun nə vaxt tam bərpa olunacağı hələ məlum deyil.