Qazaxda qasırğa: ağaclar kökündən çıxdı, elektrik kəsildi, yollar bağlandı
APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, qasırğa dünən günorta saatlarından başlayıb. Təxminən 20 dəqiqə əsən güclü külək əsasən rayonun mərkəzində, Cəfərli, Fərəhli, Alpoud kəndlərində müşahidə olunub.
Qasırğa inzibati və fərdi binaların dam örtüklərinə ziyan vurub, bəzi ərazilərdə ağaclar qırılıb, bir sıra yaşayış məntəqələrində elektrik, telefon və qaz xətlərində problemlər yaranıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişində fasilələr olub.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, kommunal xətlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Küləyin gücündən iri gövdəli ağac avtomobilin və elektrik xətlərinin üzərinə aşırması nəticəsində Qazax-Cəfərli avtomobil yolunda bir müddət hərəkəti məhdudlaşdırıb. Qırılan ağacın İbarət Dəlibaşova məxsus "Opel" markalı avtomobilin üzərinə düşməsi nəticəsində maşın yararsız hala düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Aşan elektrik dirəkləri və iri ağac ərazidən təmizləndikdən sonra kəndə avtomobillərin gediş-gəlişi bərpa edilib.
Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparır.