Masallıda 60 il öncə tikilmiş fərdi ev uçdu

Masallıda 60 il öncə tikilmiş fərdi yaşayış evi uçub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Mollaoba kəndində 47 yaşlı Əvəz Ağabala oğlu Baxşıyevə məxsus evdə qeydə alınıb. Son günlərin intensiv yağıntıları səbəbindən çiy kərpicdən inşa olunmuş evin bir hissəsi uçaraq yaşayış üçün yararsız vəziyyətə düşüb. Hadisə baş verən zaman evin sakinləri digər otaqda olduqlarından xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Ev sahibinin həyat yoldaşı Alidə Baxşıyevanın sözlərinə görə, onların ailəsi beş il bundan öncə də eyni vəziyyətlə üzləşib. O vaxt evin müəyyən hissəsi uçub, lakin maddi imkansızlıq ucbatından heç bir təmir-tikinti işi aparmaq mümkün olmayıb. Ötən  illər ərzində isə  güclü külək, yağış və qarın təsirindən evin digər hissəsində də dərin çatlar əmələ gəlib.

 

"Mən bir gün əvvəl evin indiki uçan otağında yatmışdım. Növbəti gecə isə qaynımın elə bil ürəyinə dammışdı.  Təkidlə dedi ki, get, o biri otaqda isti yerdə yat.  Əgər onun sözünə qulaq asmayıb burada yarsaydım, indi çox güman ki, həyatda yox idim".

 

Hazırda Baxşıyevlərin 6 nəfərlik ailəsi müvəqqəti olaraq qohumlarının yanında məskunlaşıb.
 

Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah ərazi nümayəndəliyindən APA TV-nin cənub bürosuna verilən şifahi məlumatda bildirilib ki, yerli bələdiyyə ilə birlikdə qəzalı evə baxış keçirilib, akt tərtib olunub, hadisənin fəsadlarını əks etdirən fotoşəkillər  çəkilib və faktla bağlı rayonun müvafiq qurumları məlumatlandırılıb. 

 

Müəllif | Apa.Tv