Azərbaycanda sərxoş piyada yol qəzası törədib
Bu ilin 8 ayı ərzində Azərbaycanda 1897 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 754 nəfər həlak olub, 2044 nəfər isə yaralanıb. Qəzalardan 557-si Bakı şəhərində qeydə alınıb ki, bunun da nəticəsində 224 nəfər həlak olub, 675 nəfər isə yaralanıb. Bu barədə APA TV-yə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 1,8 faiz artıb. Ölənlərin sayı 6,9 faiz azalsa da, yaralananların sayında 1,2 faiz artım müşahidə olunur: " Ötən ilin avqust ayı ilə müqayisədə isə hadisələr 5 fakt artmasına baxmayaraq, ölənlərin sayında 25 fakt azalma var. Və yaralananların da sayı 3 fakt azalıb".
Kamran Əliyevin sözlərinə görə, həmişə olduğu kimi, yenə də qeydə alınan qəzalarda piyadaların vurulması halları üstünlük təşkil edir: "Belə ki, ümumi qəzaların 37,8 faizi piyadaların vurulması ilə bağlı qəzadır ki, 718 piyadavurma qəzasında 254 piyada dünyasını dəyişib, 530 nəfərsə yaralanıb. Sırf piyadaların təqsiri üzündən 91 yol nəqliyyat hadisəsi baş verib ki, 25 piyada dünyasını dəyişib, 73 nəfərsə yaralanıb. Onlardan da biri sərxoş vəziyyətdə olan piyada tərəfindən törədilib".
Bu müddət ərzində avtobusların iştirakı ilə baş verən qəzaların sayı 72 olub. Nəticədə 37 nəfər həlak olub, 96 nəfər isə yaralanıb: "Onu da qeyd etmək istəyirəm ki, avtobus sürücülərinin iştirakı ilə baş verən qəzaların sayında 5, bu qəzalarda ölənlərin də sayında 5 fakt, eləcə də yaralananların sayında 38 fakt azalma var".
Yol qəzalarına səbəb olan digər amillər ötmə-manevr qaydalarının pozulması ilə bağlıdır. Bu, ümumi qəzaların 30,7 faizini təşkil edir ki, 584 belə fakt nəticəsində 271 nəfər həlak olub, 777 nəfər isə yaralanıb. Sürət həddini aşmağa görə baş verən yol qəzalarının sayı 560-dır. Bu isə 263 nəfərin ölümünə, 504 nəfərin yaralanmasına səbəb olub. Ümumi qəzalarda həlak olanların 56-sı azyaşlıdır. Yaralananların isə 189 nəfərini azyaşlılar təşkil edir.