Xəzərdə itkin düşən üçüncü balıqçının da meyiti tapıldı

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan sonuncusunun da meyiti tapılıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Laçın Laçınovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.

 

Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Onların axtarışına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri, helikopteri cəlb olunub.

 

Bir gün sonra balıqçılardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanıb.

 

Noyabr ayının 12-də isə balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq ailəsinə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv