Baş nazirin müavini Əli Həsənov Zaqatalada tikinti işlərinin gedişi ilə maraqlanıb

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Zaqatala rayonunda qaçqın və məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb.

 

APA TV-nin Şəki-Zaqatala bürosunun xəbərinə görə, baş nazirin müavini ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olub, inşaat işlərini aparan tikinti şirkətlərinin arzu və təkliflərini dinləyib və onlara tövsiyələrini verib.

 

Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə bütün zəruri infrastruktura malik 135 ailəlik yaşayış kompleksində işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə əlaqədar konkret tapşırıqlar verib, işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.

 

Əli Həsənov prezident İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırıb. Bu sosial layihələrin gələn il də davam etdiriləcəyini qeyd edən baş nazirin müavini gələn il respublikanın daha üç bölgəsində 1500 ailə üçün mənzillərin tikiləcəyini qeyd edib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov