Gədəbəydə evlərə basqın edən quldur dəstəsinin başçısı ələ keçdi

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də rayonun Slavyanka kəndində Zakir Rüstəmovun evinə daxil olub gəlini və nəvəsinin əl-ayağını, ağzını bağlayaraq, onları bıçaqla hədələyən, evdən pul və qiymətli əşyalar oğurlayan dəstəyə başçılıq edən şəxs saxlanılıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Rüstəmova məxsus 4300 manat və 300 ABŞ dolları, eləcə də xeyli miqdarda qızıl-zinət əşyalarını quldurluq yolu ilə əldə edən dəstə başçısının 29 yaşlı Eşqin Məmmədov olduğu müəyyən edilib.

 

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Eşqin Məmmədov noyabrın 11-də Slavyanka kəndində yaşadığı evdə müəyyən edilərək istintaqa təhvil verilib.

 

Saxlanılan Eşqin Məmmədov Zakir Rüstəmovla qohumluq əlaqələrinin olduğunu, onun evində külli miqdarda pul və qızıl-zinət əşyalarının varlığından xəbərdar olduğu üçün cinayəti keçmiş həbsxana yoldaşları ilə planlaşdırdığını bildirib. Məmmədov əldə olunan pulun dəstə üzvləri arasında bölündüyünü, ancaq qızıl-zinət əşyalarını özünün götürüb qaçdığını da etiraf edib: "Hamı bilirdi ki, Zakir Rüstəmovun evində pulu, qızılı var. Mən də bildiyim üçün əvvəlcədən planlaşdırdıq. Plan qurdum, evə girdik və götürdük. Başqa yoldaşım qızılı aradan çıxarmaq istəyirdi, bunu mən etdim, satdım, pulunu da xərclədim".

 

Araşdırma nəticəsində Eşqin Məmmədovun avqustun 17-dən 18-ə keçən gecə qaynanası Amaliya Nağıyevaya məxsus evdən oğurluq etdiyi də üzə çıxıb: "Mən qayınanamın evinə girdim, evdə heç kim yox idi. Axtardım, ancaq qızıl və pul tapa bilmədim. Şəxsiyyət vəsiqəsi ilə pensiya kartını götürdüm".

 

Faktla bağlı cinayət işi açılıb. Dəstə üzvlərinin başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli