Azərbaycanda geni dəyişdirilmiş məhsullara nəzarət güclənir

Milli Məclisin Aqrar siyasət komitəsi ilk iclasını keçirib. APA TV xəbər verir ki, komitə sədri Eldar İbrahimov 2013-cü il yaz və növbədənkənar sessiyalar dövründəki hesabatı açıqlayıb. Bildirib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib. Bu iclaslarda 3 məsələ, o cümlədən 3 qanun layihəsi geniş müzakirə edilib. Milli Məclisdə isə komitənin 8 qanunu qəbul edilib. Eyni zamanda komitəyə 56 vətədaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub. 21 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Daha sonra komitənin payız sessiyası üçün qanunvericilik işlər planı da açıqlanıb. Plana 4 qanun layihəsi daxildir.

 

Eyni zamanda gündəliyin iş planına uyğun olaraq “Seleksiya nailiyyətləri haqqında” qanun layihəsi müzakirə edilib. Bu qanun layihəsində genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının dövlət reyestrinə daxil edilməsi qadağandır.

 

İclasda çıxış edən komitə sədrinin müavini Eldar Quliyev bildirib ki, 15 ildir genetik modifikasiya olunmuş məhsulların Azərbaycana gətirilməməsi üçün komitə olaraq mübarizə aparılır. Prezident Administrasiyasından daxil olan 6 qanuna dəyişiklikdə məhz bu nəzərdə tutulur. digər millət vəkili İqbal Məmmədov hesab edir ki, genetik modifikasiya olunmuş məhsulların əkilməsi ilə kəndlilər rəqabət apara bilmirlər. Belə ki, genetik modifikasiya olunmuş məhsullara qadağa kəndçilərə öz məhsullarını əkməyə və onların büdcəsinin artmasına səbəb olacaq.

Qeyd edək ki, qanunu pozan fiziki şəxslər üçün 3 min manat, vəzifəli şəxslər üçün 10 min manat, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv