Qumda da “Haray, haray, mən Türkəm” şüarı ilə aksiyalar başladı
İranda Azərbaycan türklərinin keçirdiyi etiraz aksiyalarının miqyası genişlənir. APA TV-nin məlumatına görə, İranın dini mərkəzi olan Qum şəhərində də irqçiliyə qarşı aksiya keçirilib. Aksiya Qum şəhərinin "Tohid" meydanı və "Müntəziri" küçəsində başlayıb. Etirazlarda soydaşlarımızla yanaşı bir neçə din xadimi də iştirak edib. Minlərlə insanın iştirak etdiyi aksiyada "Haray-haray, mən Türkəm!", "Türk dilində mədrəsə" və başqa şüarlar səsləndirilib. Polis tərəfindən saxlanılanların olduğu bildirilir. Aksiya artıq başa çatıb.
Qeyd edək ki, bir neçə gün öncə İranın “Kanal 2” telekanalında yayımlanan "Fitilə oteli" proqramında azərbaycanlılar təhqir olunub. Bundan sonra Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda yüz minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib. Yüzlərlə aksiya iştirakçısı və ictimai fəal həbs olunub. Hazırda aksiyalar İranın müxtəlif şəhərlərində davam edir.