Paris qətliamının şahidləri: "Elə bildik şoudur..."
Amerikan rok-qrupunun Parisdəki "Bataklan" teatrındakı konsertinə gələnlər onlara terrorçuların hücum edəcəyini ilk öncə anlamayıb.
APA TV-nin xəbərinə görə, şahidlərdən biri deyir ki, o, əvvəlcə baş verənləri anlamayıblar: "Öncə elə düşündüm ki, bu, tamaşanın bir hissəsidir. Hər yer cəsədlərlə dolu idi, ətrafda qan izləri. Terrorçuların hamısında silahlar var idi. Yalnız bir neçə saniyə sonra baş verənlərin terror aktı olduğunu anladım".
Tamaşaçılardan biri öldürülən insanları görüncə yerə uzanaraq, hədəfdən yayınmağa çalışıb. O, deyir ki, terrorçular ətrafa dayanmadan atəş açır, qışqıraraq nə isə deyirdilər. "Hər şey Suriya üçün!" - terrorçular əsasən bu şüarı təkrarlayıb: "Klubun ətrafında partlayış səsləri eşitdim. Çevrilib geriyə baxanda "Kalaşnikov"larla silahlanmış təqribən 25 yaşlarında iki nəfəri gördüm. Bizə uzanmağı əmr etdilər. Onlar atəş açmağa davam edir, hərdən dayanırdılar".
Yaralılardan biri isə deyib ki, partlayışın baş verdiyi an onu mobil telefonuna zəng gəlməsi xilas edib: "Əvvəlcə elə düşündük ki, patronlar gerçək deyil". Həmin vaxt tamaşa salonunda olanların hamısı yaşananların pirotexniki şou olduğunu düşünüblər.