Türkiyədə İran əleyhinə aksiyalar: türklərə qarşı irqçi siyasət pislənildi

Türkiyənin bir neçə şəhərində fars irqçiliyinə qarşı etirazlar keçirilib. APA TV-nin "GünAz TV"yə istinadən xəbərinə görə, İstanbulda İran konsulluğu qarşında keçirilən aksiyada etirazçılar üzərində irqçiliyə qarşı şüarlar yazılan plakatlar qaldırıblar.

 

İran rejiminin Azərbaycan türklərinə qarşı apardığı irqçi siyasətinin dayandırılmasına dair şüarlar səsləndirilib. Aksiyada azərbaycanlılarla yanaşı, Türkiyə vətəndaşları da iştirak edib.

 

“Türk Ocaqları” təşkilatı tərəfindən təşkil olunan aksiyanın sonunda bəyanat oxunub. Bəyanatda İran teleradiosunun türkləri iyrənc şəkildə təhqir etməsi irqçiliyin bariz nümunəsi kimi kəskin tənqid edilib. Etiraz aksiyalarının bazar günü də davam etdiriləcəyi bildirilir.

 

Başqa bir etiraz isə Antalya şəhərində keçirilib. Aksiyada çoxlu sayda insan iştirak edib. Güney Azərbaycan diasporuna Türkiyə və Quzey Azərbaycan fəalları da dəstək verib. Aksiyada azərbaycanlıların təhqir olunmasına və ümumiyyətlə, irqçiliyə qarşı çıxışlar edilib. Sonda Azərbaycanın Dövlət Himni səsləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv