Salyanda maskalılar qadın vəkilin evinə basqın etdilər

Ötən gecə saat 22.00 radələrində naməlum şəxslər Salyanın Arbatan kəndində yaşayan 54 yaşlı vəkil Sevda Sultanovanın evinə daxil olublar.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 3 nəfər maskalı və əllərində əlcək olan şəxslər vəkilin yaşadığı evə daxil olaraq quldur basqını həyata keçirib.

 

Vəkilin yatdığı otağa daxil olan maskalı şəxslərdən ikisi orada onun və köməkçisi Elnarə Əhədovanın ağzını əlləri ilə qapasalar da, onlar qışqırmağa macal taparaq həmin vaxt evin digər otağında yatan sürücüdən kömək istəyiblər. Bu zaman pusquda olan 3-cü maskalı köməyə getmək istəyən sürücüyə şüşə fincanlar atıb, daha sonra dəmir linglə başına və ayaqlarına iki zərbə endirib. Sürücü huşunu itirərək yerə yıxılıb. Maskalı şəxslər evdən heç nə oğurlamayaraq oranı tərk ediblər.

 

Sevda Sultanovanın dediyinə görə, basqınçılara pul və qızıl təklif etsə də, onlar heç nə götürmədən evi tərk ediblər. Basqın nəticəsində sürücü, Lerik rayonunun Bürsülüm kənd sakini, 1993-cü il təvəllüdlü Rabil Ağadadaş oğlu Ağayev baş və gicgah nahiyəsindən ağır zədə alıb. Ona Salyan Mərkəzi Rayon Xəstəxanasında yardım edilib və başına cərrahi tikişlər qoyulub.

 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, evə basqın edən maskalı şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

İlkin ehtimala görə, basqına səbəb Sevda Sultanovanın vəkillik fəaliyyəti ilə ola bilər. Digər versiyaya görə, maskalılar oğurluq etmək fikirlərindən daşınaraq tələsik hadisə yerini tərk ediblər.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı