Güclü külək Tərtər və Ağdamda ciddi fəsadlar törətdi
Ötən gecə Tərtər və Ağdamda əsən güclü külək ciddi fəsadlar yaradıb. APA TV-nin Qarabğ bürosunun xəbərinə görə, gecə saat 12:00 radələrində başlayan külək qasırğaya çevrilib.
Nəticədə Tərtər şəhərinin Qafur Məmmədov küçəsində 30 mənzilli 5 mərtəbəli binanın dam örtüyü uçub. Dam örtüyündən düşən taxta parçaları elektrik naqillərini sıradan çıxarıb. Rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problem yaranıb.
Analoji hadisə Ağdam rayonunda da baş verib. Rayon İcra Hakimiyyətindən APA TV-yə verilən məlumata görə, külək rayon ərazisində evlərin və yardımçı tiklilərin dam örtüyünü uçurub, elektrik dirəklərini aşırıb və naqilləri sıradan çıxarıb. Rayonda evlərin 90 faizi gecə işıqsız qalıb. Tərtər və Ağdamda güclü küləyin vurduğu ziyan aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Zərərçəkən Çərkəz Zöhrabov: "Külək gecə saat 12-də başladı. Külək deyildi, qasırğa idi. Elə bir dəhşətli qasırğa idi ki, ulaya-ulaya gedirdi. Qəfildən gecə 2-nin yarısında "krışa"nı götürdü tökdü yerə, maşınların belinə. Elə bil faciə idi. Elektrik hamısı qırılıb. Blokda girişdə şitləri qırıb töküb yerə".