Böyük Britaniya və Almaniya Türkiyəyə edəcəyi yardımın məbləğini açıqladı

Avropa İttifaqı ölkələri miqrantlara görə Türkiyəyə edəcəyi yardımın məbləğini müəyyənləşdirir.

 

APA TV-nin xəbərinə görə, Avropa İttifaqı Komissiyasının 500 milyon avrosunu öz büdcəsindən qarşılamağı vəd etdiyi 3 milyard avroluq yardımda Böyük Britaniya və Almaniyanın ödəyəcəyi vəsaitin həcmi bəlli olub.

 

Birliyin ən böyük iqtisadiyyata malik ölkəsi olan Almaniya fonda 534 milyon avro ayırmağı planlaşdırır. İngiltərə isə 275 milyon sterlinq (389 milyon avro) ayıracağını açıqlayıb. Ancaq bu ölkədən gözlənilən yardım 410 milyon avrodur. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska görə, miqrant məsələsinin müzakirə ediləcəyi  qurumun zirvə görüşü noyabrın sonunda təşkil olunacaq. Görüşə Türkiyə də dəvət olunacaq.

 

Avropa İttifaqı Türkiyəyə edəcəyi yardımlardan bəzi başqa güzəştlər də edəcək. Vizaların sadələşdirilməsi və Türkiyənin Avropa İttifaqına üzvlüyün müzakirə edilməsi gözlənilir. Bunun qarşılığında isə qaçqınların Avropaya köçməsinin qarşısının alınması istənilir.

 

Ötən gün Parisdə baş verən terror aktlarından sonra Avropa İttifaqının Türkiyəyə qarşı ilə daha loyal siyasət yürüdəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv