Paris terrorunun qurbanları Bakıda yad edildi
Bu gün Azərbaycan prezidenti yanında Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Parisdə baş vermiş terror aktları ilə əlaqədar başsağlığı vermək və terrorla mübarizədə həmrəylik nümayiş etdirmək üçün yürüş təşkil edib.
APA TV-nin xəbərinə görə, yürüşdə müxtəlif ali və orta ixtisas təhsili müəssisələrindən olan 100-dək tələbə iştirak edib.
Gənclər Fransanın Bakıdakı səfirliyinin qarşısına gül dəstələri qoyublar. Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib ki, Azərbaycan xalqı da terrora məruz qaldığı üçün aksiya iştirakçıları Parisdə baş vermiş terror aktlarını qətiyyətlə pisləyir.
Qeyd edək ki, “İrəli” Gənclər Birliyinin bir qrup üzvü də Fransa səfirliyinin qarşısına gəlib. Onlar baş vermiş terror hadisəsinə etirazlarını bildiriblər, həyatını itirənlərin xatirəsini yad ediblər.
Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez baş vermiş terror hadisəsi ilə bağlı Azərbaycan xalqına onların yanında olduğuna görə təşəkkürünü bildirib. A.Buşez bildirib ki, Fransa prezidenti tərəfindən ölkədə 3 günlük matəm elan olunub: “Azərbaycan prezidenti İlham Əliyev bu səhər Fransa xalqı və prezidentinə məktub göndərib, Fransa xalqının acısını paylaşdığını, Fransa xalqını dəstəklədiyini bildirib. Fransa bunu yüksək dəyərləndirir”.
A.Buşez qeyd edib ki, Fransa prezidenti hadisə ilə bağlı bu gün iki dəfə çıxış edib: "Fransa prezidenti çıxışında bildirib ki, Fransa xalqının azadlıq və tolerantlıq dəyərlərini hər bir halda müdafiə edəcək, bu, terror və vəhşiliyə qarşı bir müdafiə olacaq. Fransa prezidenti qeyd edib ki, baş verənlər terror ordusu tərəfindən Fransaya, müdafiə etdiyimiz dəyərlərə, azad ölkəyə qarşı müharibə deməkdir".
Səfir deyib ki, gələn həftədən etibarən səfirlikdə xatirə kitabı açılacaq.