Bakıda növbəti polis reydi: 30-dan artıq sürücü saxlanıldı
Bakı şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin yol-nəqliyyat hadisələrinin qarşısının alınması, ictimai qaydanın təmin məqsədi ilə profilaktiki tədbirlər həyata keçirilir.
APA TV-nin xəbərinə görə, bu istiqamətdə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən qayda pozuntularına yol verən sürücülərə qarşı mütəmadi reydlər baş tutur.
Paytaxt ərazisində keçirilən sonuncu belə reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, avtomobilin konstruksiyasında dəyişikliyə yol verən, polisin qanuni “saxla” əmrinə tabe olmayan, avtoxuliqanlıq hərəkətləri və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.
Nəsimi rayonu Üzeyir Hacıbəyov küçəsində saxlanılan “Porshe” markalı maşının sürücüsünün ödənilməyən cərimələri olduğu üçün nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılıb. Yasamal rayonu Mikayıl Müşfiq küçəsində saxlanılan “BMW” markalı maşının sahibinə isə avtomobilində quraşdırdığı əlavə səsgücləndirici və işıq avadanlıqlarının yol hərəkəti qaydalarına zidd olduğu izah edilib. Lakin sürücü avtomobilinin texniki baxışdan keçdiyini deyərək, iradları qəbul etmək istəməyib.
Reyd zamanı müşahidə kameraları vasitəsilə yol polisinin “saxla” tələbini pozaraq avtoxuliqanlıq hərəkətləri edən, hərəkətini işıqforun qırmızı işığında davam etdirən və nəticədə qəzalara səbəb olan sürücülər də aşkar edilərək inzibati məsuliyyətə cəld edilib. Həmin nəqliyyat vasitələri saxlanılaraq DYPİ-nin müvəqqəti mühafizə olunan dayanacağına yerləşdirilib.
Polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, sonuncu reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 30-dan artıq sürücü saxlanılıb. Həmçinin reyd nəticəsində avtomobilin konstruksiyasında dəyişiklik edən 20, elektron qaydada aşkar edilən qayda pozuntuları barədə təyin edilən cərimə protokollarını ödəməyən 15, polisin qanuni tələbini pozan 4 və avtoxuliqanlıq edən 2 sürücü barəsində qanuni tədbirlər görülüb.