APA TV-nin Parisdəki müxbiri: Terror baş verən əraziyə heç kim buraxılmır
Fransada ötən gecə baş verən terror aktlarından sonra Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Hazırda Parisdə olan APA TV-nin xüsusi müxbiri Fuad Qulubəyli bildirib ki, hadisənin baş verdiyi rayon hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb: "Paris hava limanından başlayaraq strateji əhəmiyyətli dövlət və hökumət obyektlərinin qorunması istiqamətində müxtəlif tədbirlər görülür. Küçələrdə polis və hərbçilərin sayı artırılıb. Bundan əlavə, avtovağzal və metro girişlərində də insanların əl çantaları yoxlanılır. Hüquq-mühafizə orqanları hadisə baş verən əraziyə giriş və çıxışı tam bağlayıb. Dünyanın hər bir yerindən mətbuat nümayəndələrinin Parisə axını var. Buna baxmayaraq, əraziyə heç kim buraxılmır və çəkilişə icazə verilmir".
Fuad Qulubəyli bildirib ki, İŞİD terror təşkilatının hadisəsinin məsuliyyətini öz üzərinə götürməsi faktı təsdiqini tapıb. Belə ki, terrorçulardan birinin üzərindən Suriya vətəndaşlığını təsbit edən sənəd tapılıb: "Parisdə yüzlərlə insanın ölümü ilə nəticələnən terror hadisəsindən sonra polis tərəfindən açılan atəş nəticəsində öldürülən terrorçunun sənədi tapılıb. O, Suriya vətəndaşıdır. Bu fakt isə bir daha hadisənin İŞİD terror təşkilatı tərəfindən törədildiyini isbatlayır. Hadisədən sonra terrorçuların qaçmaması və ölkəyə başqa terrorçuların girməməsi üçün Fransanın sərhədləri bağlanıb. Sabahdan isə 3 günlük matəm elan olunub".