Daşkəsəndə qasırğa: dam örtükləri uçdu, sakinlər təxliyə olundu

Ötən gecə Daşkəsən rayonunda güclü qasırğa olub. APA TV-nın qərb bürosunun məlumatına görə, qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə, rayonun elektrik, rabitə təsərrüfatına ziyan dəyib.

 

Təbi fəlakət nəticəsində şəhər İncəsənət məktəbinin inzibati binası, Səməd Vurğun küçəsində olan 2 saylı və Şah İsmayıl Xətai küçəsi olan 4 saylı yaşayış binalarının dam örtükləri dağılıb.

 

Evlərinə ciddi ziyan dəymiş 2 saylı binanın 12 mənzilinin 34 sakini, Şah İsmayıl Xətai küçəsi 4 saylı binanın 27 mənzilinin 83 sakini, Səməd Vurğun küçəsi-7 ünvanında yerləşən yataqxana binasında isə 31 mənzilin 78 sakini Daşkəsən Mərkəzi Rayon Xəstəxanasında müvəqqəti yerləşdirib.

 

Külək nəticəsində Daşkəsən şəhərinin elektrik xətlərinə də ziyan dəyib. Elektrik xətlərinin bərpası istiqamətində iş aparılır. Rayonun müxtəlif qurumları təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür, dəymiş ziyan hesablanır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli