Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirildi
Gəncədə N saylı hərbi hissədə gənc əsgərlərin and içmə mərasimi keçirilib. APA TV-nin verdiyi məlumata görə, mərasimdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Azərbaycan Respublikasının Dövlət himni oxunub, müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərovun adından şəxsi heyətə təbrik çatdırılıb.
Andiçmə mərasimində hərbi hissənin komandanlığı, ictimaiyyət nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər. Çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər.
Mərasim əsgərlərin nümunəvi çıxışları ilə davam etdirilib.
Rəsmi mərasim bağlı elan olunduqdan sonra əsgərlər valideynləri ilə görüşüb və hərbi hissədə yaradılmış şəraitlə tanışlıq olub.