Göytəpədə gənc sərhədçilər Vətənə sədaqət andı içdilər
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
APA TV-nin cənub bürosunun xəbərinə görə, valideynlərin, ictimaiyyət nümayəndələrinin də qatıldıqları mərasim hərbi hissənin komandiri, polkovnik Mehman Yusifovun Dövlət Sərhəd Xidmətinin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-leytenant Azad Ələkbərova raportu ilə başlayıb.
Azad Ələkbərov şəxsi heyəti salamladıqdan sonra Dövlət Himni çalınıb və nizamla düzülən gənc sərhədçilər Vətənə sədaqət andı içiblər.
Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin gənc əsgərlərə ünvanlanmış təbrik teleqramının mətni oxunub.
Mərasimdə çıxış edən gənc əsgərlərin valideynləri əlamətdar gün münasibətilə övladlarına təbriklərini çatdıraraq, onlara Vətənimizin sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırığını can-başla yerinə yetirməyi tövsiyə ediblər.
Sonda hərbi marşın sədaları ilə gənc əsgərlər nizamlı addımlarla tribunanın önündən keçiblər.