Rus aviasiyası Suriyada bir şəhəri yox etdi - 250 KQ-LIQ BOMBA İLƏ
Suriya ordusu rus aviasiyasının dəstəyi ilə İŞİD-ə və digər silahlı birləşmələrə qarşı hücumları davam etdirir.
APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, Hələb yaxınlığındakı aviabazanın ələ keçirilməsindən sonra hökumət qüvvələri Hmam şəhəri istiqamətində irəliləyiblər.
Rusiya qırıcıları şəhəri aramsız bombalayıblar və hazırda Hmam şəhərinin yerlə yeksan olduğu bildirilir. Bu şəhərə ilk dəfə Rusiya aviasiyası tərəfindən oktyabr ayında zərbələr endirilib. Buna baxmayaraq Əsəd qüvvələri yerüstü əməliyyatlarla "ən-Nusra Cəbhəsi" döyüşçülərini ərazidən çıxara bilmirdilər. Onların əsas möhkəmləndiyi mövqe məhz adı çəkilən bölgə olub. Bu bölgə isə müxalif qüvvələrin hər an Latakiyada yerləşən Rusiya aviabazasına hücumunu gündəmdə saxlayırdı.
Hmamın bombardmanından sonra Suriya ordusunun quru qoşunları müxalifləri şəhərdən çıxarıblar. Qeyd edilir ki, orduya sünni və ələvi qruplaşmaları da dəstək veriblər. "Ən-Nusra Cəbhəsi"nin mövqelərinə 250 kiloqramlıq bomba atılıb. Ağır itki verən müxalif qruplaşmanın üzvləri yaxınlıqdakı yüksəkliklərə çəkiliblər və hazırda Əsəd qüvvələrini artilleriyadan atəşə tuturlar.
Hökumət ordusunun növbəti hədəfi isə Salma şəhəridir. Bu şəhər də Rusiya qırıcılarının bombardmanına məruz qalır və silahlı birliklərin oradan artıq uzaqlaşdıqları deyilir. Məlumatlar Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib. Suriya silahlı qüvvələrindən isə hökumət qüvvələrinin Səlyamiyə-Hanaser yolunun da artıq geri alındığı bildirilir.
Xatırladaq ki, Homsla Hələbi birləşdirən bu yol Suriyada "həyat yolu" adlandırılır.