Lerikdə daha 3 kəndə təbii qaz verildi

Lerik rayonunda kəndlərin mavi yanacaqla təminatı isitqamətində işlər davam etdirilir. Rayonun daha 3 kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

 

APA TV-nin məlumatına görə, rayon mərkəzindən 20 kilometr aralıda yerləşən ucqar Mondigah, Ansolu və Təngəbin kəndlərinə mavi yanacağın verilməsi münasibətilə təşkil olunmuş  mərasimdə yerli icra strukturlarının və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən kənd sakinləri bildirib ki, qazın olmaması meşələrin və yaşıllıqların qırılmasına, sakinlərin qış aylarında əziyyət çəkməsinə səbəb olub.

 

159 abonenti olan Mondigah kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10087 metr olan müxtəlif diametrli polad borular çəkilib, 159 ədəd sayağac və fərdi tənzimləyici quraşdırılıb. 24 abonenti olan Ansolu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 1353 metr olan diametrli polad borular çəkilməklə, 24 ədəd sayağac və fərdi tənzimləyici quraşdırılıb. 27 abonenti olan Təngəbin kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2430 metr olan müxtəlif diametrli polad borular çəkilib, 27 ədəd sayağac və fərdi tənzimləyici quraşdırılıb.

Müəllif | Apa.Tv