Astarada torpaq sürüşmələri ciddi fəsadlar yaratdı
Son bir ay ərzində ölkənin cənub bölgəsinə normadan artıq düşən yağıntılar ciddi fəsadlara yol açıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan bir neçə dağətəyi yaşayış məntəqəsi torpaq sürüşmələrinə məruz qalıb. Nəticədə yerli sakinlərin fərdi təsərrüfatlarına, o cümlədən sitrus bağlarına xeyli maddi ziyan dəyib.
Yerli sakin Turab Ağayevin sözlərinə görə, sürüşməyə yağışlar səbəb olub: "Möhkəm yağış yağdı, səhər durub gördük ki, dağ sürüşüb. Naringi ağacları yerindən çıxıb. İndi bunları başqa yerdə əkirik. Ağaclardan qırılıb məhv olanı da var".
Ərazinin dağətəyi kəndlərində bir neçə yerdə torpaq qatı yolların üzərinə tökülərək nəqliyyat vasitələrinin və piyadaların hərəkətini məhdudlaşdırıb. Türkoba kənd məktəbinə gedən yol isə tamamilə bağlanıb. Torpaq sürüşmələrinin qarşısını almaq məqsədilə həmin ərazidə kənd sakinlərinin şəxsi vəsaiti hesabına tikilmiş istinad divarları gil-palçığın ağırlığına tab gətirə bilmədiyindən, dağılaraq torpağın altında qalıb. Sözügedən yoldan 500-dən çox məktəbli istifadə edir. Yolun bağlanması səbəbindən indi onlar 3 kilometrlik məsafəni qət etməklə məktəbə getməli olurlar.
Türkoba kənd sakini Süleyman Fərziyev deyir ki, torpaq qatı təqribən 10 metrə kimi sürüşüb: "Nəticədə yol bağlanıb".
Rayonun Noyabud kəndində Elman Fərziyevə və Nəcməddin Dadaşova məxsus fərdi yaşayış evlərindən birinin dirəklərini torpaq qatı dağıdıb, dağın yamacında yerləşən digəri evin isə bir hissəsi sürüşmə təhlükəsi ilə üzləşib.
Elman Fərziyev: "Gördüyünüz kimi, evin dayaqları sınıb. Torpaq qatı isə yuxarıdan sürüşüb gəlməkdədir".
Nəcməddin Dadaşov: "Evim qəzalı vəziyyətdədir. İki-üç il qabaq da burada torpaq sürüşmüşdü. Yerli icra strukturlarından gəlib baxdılar".
Sakinlərin sözlərinə görə, əvvəllər ərazidə torpaq sürüşmələrinə çox nadir hallarda rast gəlinib, lakin son 3 il ərzində isə sürüşmələr getdikcə aktivləşməkdədir.
Sürüşməyə məruz qalan daha bir ərazi rayonun Barzuband kəndindədir. Təbii fəlakət nəticəsində buradakı köhnə, istifadəsiz məktəb binası demək olar ki, tam sıradan çıxıb, onun yaxınlığında yerləşən kənd sakini Elşən Həkimova məxsus yaşayış evi qəzalı vəziyyətə düşüb.
Qeyd edək ki, Deqədi-Pəlekəş avtomobil yolunun Barzuband kəndi ərazisindən keçən hissəsində iri çatlar əmələ gəlib. Torpaq qatı sürüşərək yeni tikilən şosenin lap yaxınlığına qədər uzanıb.
Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərovun sözlərinə görə, mövcud vəziyyət barədə artıq aidiyyəti qurumlar məlumatlandırılıb.