Samuxda ata və 11 yaşlı oğlu yandı - EHTİYATSIZLIQ
Bu gün Samuxda ata və övladı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
APA TV-nın yerli bürosunun məlumatına görə, Samuxun Kolayır kəndində 1974-cü il təvəllüdlü Aftandil Məmmədov sobaya dizel yanacağı əvəzinə səhvən benzin töküb.
Güclü alov nəticəsində Aftandil Məmmədov və onun 2004-cü il təvəllüdlü oğlu Əziz Məmmədov müxtəlif yanğın xəsarətləri alıblar. Aftandil Məmmədov Təcili Tibbi Yardım Xəstəxanasına, övladı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, Kolayır kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 kv. m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 2 kv. m və ev əşyaları 4 kv. m sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.