Londonla Moskvanın Paris qorxusu: İŞİD-lə birgə mübarizə aparılacaq
"Mən İngiltərənin Suriyada terrorçuların bombalanmasında iştirak etməsi üçün əlimdən gələni edəcəyəm". APA TV-nin məlumatına görə, bu fikri Britaniyanın baş naziri Devid Kemeron BBC telekanalının efirində səsləndirib.
"İŞİD İraq və Suriyanın sərhədlərini tanımır. Buna görə də biz hava əməliyyatları zamanı bu sərhədləri tanımaq niyyətində deyilik. İngiltərə olaraq biz həyatımızı məhv etməyə çalışan bu adamlara qalib gələcəyik" - deyə baş nazir qeyd edib.
Antalyada keçirdikləri görüş zamanı Rusiya prezidenti Vladimir Putin və İngiltərənin baş naziri Devid Kemeron terrorizmlə birgə mübarizənin vacibliyini vurğulayıblar. Kreml rəhbəri Parisdə baş verən hadisəyə münasibət bildirib.
"Fransadakı son terror hadisələri bizim terrorizm adlı bəlaya qarşı birgə mübarizədə güclərimizi birləşdirməli olduğumuzu bir daha göstərir", - deyə Putin əlavə edib.
Öz növbəsində İngiltərənin hökumət başçısı Rusiya təyyarəsinin Misirdə qəzaya uğraması ilə bağlı Vladimir Putinə başsağlığı verib.
"Biz Parisdə baş vermiş dəhşətli hadisələrdən sonra görüşürük və terrorizmə qarşı hər zaman birgə mübarizə aparmalıyıq", - deyə baş nazir bildirib.
Rusiya prezidenti görüş çərçivəsində Suriya məsələsinin müzakirə edilməsinə fürsət olacağına ümid etdiyini qeyd edib. İkitərəfli görüş zamanı Rusiya-İngiltərə münasibətləri əsas müzakirə mövzularından olub.