Allahşükür Paşazadə və Elçin Əfəndiyev Fransa səfirinə başsağlığı verdilər

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, baş nazirin birinci müavini Elçin Əfəndiyev, Böyük Britaniya, Rusiya və ABŞ-ın Azərbaycandakı səfirləri Parisdə baş vermiş terror aktları ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyinə gəliblər.

 

APA TV-nin xəbərinə görə, onlar Fransanın Azərbaycandakı səfiri Aureliya Buşezlə görüşüb, Parisdə baş vermiş terror hadisəsi ilə bağlı başsağlığı veriblər.

 

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, İslam dini qardaşlıq, dostluq dinidir. Bu dindən istifadə edərək insanları qırmaq, terror etmək İslam dininə qarşı çıxmaqdır: "Terrorun nə dini var, nə milləti. Ona görə də İslamla terroru bağlamaq düzgün deyil. Həm də o insanlar ki, bu işi görürlər, həm bu dünyada həm də axirətdə cəzalarını çəkəcəklər. Bu çox böyük məsələdir. Bu məsələ ona görə çətindir ki, dünya ictimaiyyəti bəzi terrorları vaxtında eşitmədi. Xüsusən Azərbaycanda Xocalı faciəsi baş verəndə bütün dünyaya car çəkdik, amma səsi eşidilmədi. Bu, terrorun başlanğıcı idi. Bu terror idi. 20 Yanvarda bütün dünya parlamentlərinə, dünya ictimaiyyətinə, dövlət rəhbərlərinə haray saldıq ki, bizi eşitsinlər. Eşitmədilər".

 

Baş nazirin birinci müavini Elçin Əfəndiyev isə  bildirib ki, bu hadisə Azərbaycan xalqını çox sarsıdıb. O, prezident İlham Əliyev və Azərbaycan hökuməti adından başsağlığı verdiyini bildirib: "Bilirsiniz ki, Fransada terroristlər tərəfindən qanlı faciə törədilib. Bu faciə bütün bəşəriyyəti elə bilirəm ki, sarsıdıb. O cümlədən Azərbaycan xalqını da çox sarsıdıb. Mən də bu gün çox ağır bir missiyanı yerinə yetirdim, cənab prezidentin adından, Azərbaycan hökuməti adından Fransa səfirliyinə başsağlığı verdim və o inamımı bildirdim ki, bu terror hərəkatı, bu qanlı faciə Fransa xalqının  içində olan o nikbin ruhu heç vaxt pozmayacaq, heç vaxt yox edə bilməyəcək. Paris də bütün bəşəriyyətin sevimli bir şəhəridir. Bütün bu qanlı faciəyə baxmayaraq, çox sevimli bir şəhər olaraq da qalacaq. Öz nikbin aurasını qoruyacaq".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova