Fransadakı terror aktlarını planlaşdıran şəxs Belçikada tutuldu
Parisdə baş verən terror aktlarını planlaşdıran şəxs belçikalı Abdelhamid Abaaoud ötən gün yaxalanıb.
APA TV-nin Türkiyə kütləvi informasiya vasitələrinə (KİV) istinadən verdiyi məlumata görə, Fransa hüquq-mühafizə orqanları terror aktlarını A.Abaaoudun planlaşdırdığı və onun Belçikada yaxalandığı barədə məlumat yayıblar.
Fransa polisi paytaxt Parisdə baş verən terror aktlarından sonra genişmiqyaslı araşdırmalar aparıb və hadisələri törədən şəxslərin kimliyini müəyyən ediblər. Hüquq-mühafizə orqanları Abaaoudun daha əvvəl paytaxtda qarşısı alınan kilsə və sürət qatarına hücumla da əlaqəsi olduğu müəyyən edilib.
Belçikada Abdelhamiddən başqa daha 6 nəfərin şübhəli şəxs qismində nəzarətə götürüldüyü bildirilir.
Eyni zamanda Fransa “Stad de Frans” stadionun yaxınlığında noyabrın 13-də partlayış törədən şəxsin kimliyi də bilinib. Bu, 20 yaşlı Fransa vətəndaşı Bilal Xadfidir. Bilal Parisdə özünü partladan 3 kamikadzedən biridir. Daha bir terrorçu - 31 yaşlı İbrahim Abdeslam üzərində olan partlayıcı qurğunu Parisin Volter bulvarında işə salıb.
Fransa polisi hazırda terrorçulardan birinin qardaşı olduğu iddia edilən Salah Abdeslamı axtarışa verib. Polis onun şəklini və əlamətlərini açıqlayıb. Salah Abdeslam 15 sentyabr 1989-cu ildə Brüsseldə doğulub. Onun boyu 1,75 sm-dir, gözləri qonurdur.
Məlumat üçün bildirək ki, 132 nəfərin öldüyü və 352 nəfərin yaralandığı terrora görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Yaralılardan 80 nəfərin vəziyyəti ağır olduğundan, itki sayının çoxalması gözlənilir.