“Aztelekom”un baş direktoru həbs edildi
“Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın əldə etdiyi məlumata görə, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məmməd Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Bundan başqa, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan əvvəl “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da həbs edilib. Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
Xatırladaq ki, oktyabrın 22-də Məmməd Məmmədovun 20 yaşlı oğlu Araz Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə Kiyevin mərkəzində qəza törətmiş, nəticədə özü ağır yaralanmış, xalası qızı isə dünyasını dəyişmişdi.