Avtomobil motosikleti, “Mersedes” “Qazel”i vurdu, 4 yaralı var

Sabirabad rayonunun Nizami kəndi ərazisində Qazməmməd-Bəhramtəpə yolunun 20-ci kilometrliyində baş verən qəzada 2 nəfər ağır yaralanıb. Bu barədə APA TV-yə məlumatı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi Qəzənfər Mansurov verib. Sabirabad rayonunun Zalqarağac kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Vüqar Əliverdi oğlu idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Nizami kəndinin sakini, 1989-cu il təvəllüdlü Hidayətov Samir Azad oğlunun idarə etdiyi motosikleti vurub. Nəticədə motosikletdə olan sərnişin İbadov Emin Ramin oğlu reanimasiya şöbəsinə, motosikletin sürücüsü isə ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə çatdırlıb.

 

Digər avtoqəza Bakı-Qazax yolunun 91-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Bakı sakini, 1983-cü il təvəllüdlü Lahicov Amid Vaqif oğlu idarə etdiyi "Mersedes" markalı avtomobillə Qazel markalı yük avtomobilini arxadan vurub. Zərbənin gücündən "Mersedes" yoldan çıxaraq aşıb, sürücü Lahicov Amid Vaqif oğlu və sərnişin Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Əhmədov Anar Novruz oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.

Hər iki faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı