Putin Rusiya təyyarəsini partladanların başına pul qoydu - 50 MİLYON DOLLAR
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbərinin A321 təyyarəsinin terror aktı nəticəsində parladıldığını etiraf etməsindən sonra prezident Vladimir Putin hərəkətə keçib.
APA TV-nin rus mətbuatına istinadən məlumatına görə, Kreml rəhbəri terror hadisəsini törədənlərin harada gizləndiklərindən asılı olmayaraq tapılıb, onlardan qisas alınacağını bəyan edib: "Sinayda vətəndaşlarımızın öldürülməsi insanlığa qarşı törədilən ən qanlı cinayətlər sırasındadır. Biz terror qurbanı olan soydaşlarımızı heç vaxt unutmayacağıq. Kimliyindən asılı olmayaraq, cinayətkarlar tapılıb cəzalandırılacaq".
Rusiya dövlət başçısının təyyarə qətliamını törədən şəxslərin başına 50 milyon dollar pul qoyduğu məlum olub. Bu, Rusiya tarixində hər hansı cinayətkarın yerinin müəyyən edilməsi məqsədilə indiyədək təyin olunan ən yüksək məbləğdir.
Qeyd edək ki, buna qədər yalnız ABŞ Üsamə bin Ladenin yerini söyləyən şəxs üçün bu qədər məbləğdə pul vəd edib.
Bu arada Şarm əş-Şeyx hava limanının Rusiyaya məxsus "Airbus A321" təyyarəsində törədilən terror aktında şübhəli bilinən iki əməkdaşı həbs edilib. Həmin şəxslərin təyyarənin göyərtəsinə partlayıcı qurğu yerləşdirilməsində terrorçulara yardım etdikləri iddia olunur.