Mikayıl Əliyev küçəsinin bir hissəsi sürücülərin ixtiyarına verildi
Nizami rayonu Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi təmir olunaraq yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA TV-yə verilən məlumata görə, uzun müddətdir təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Mikayıl Əliyev küçəsinin təmir olunmuş hissəsinin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. 2 qat olmaqla küçənin 36500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Küçə boyu müasir işıqlandırma sistemi qurulub, hər iki istiqamət üzrə yeni işıq dirəkləri quraşdırılıb.
Küçədə yeni yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, mövcud kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
Küçə boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub, 2700 paqon metr yeni səki daşları düzülüb, zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Hazırda Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində yerləşən dairənin asfalt-beton örtüyünün və səki daşlarının yenilənməsi istiqamətində işlər aparılır.