90 saylı Ağdaş Seçki Dairəsində seçkilərin nəticələri ləğv edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə (MM) keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

 

APA-nın məlumatına görə, MSK-ya müraciət edən 90 saylı Ağdaş Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülmüş və deputatlığa namizədliyi qeydə alınmış İlqar Vəliyev və bu dairədə deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

 

MSK üzvü Ramiz İbrahimov deyib ki, şikayətdə bu dairədəki məntəqələrdə səsvermə günü ciddi pozuntulara yol verildiyi qeyd edilib.

 

Müzakirələrdən sonra MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

 

Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir.

Müəllif | Apa.Tv
Apa.tv