Bütün evlərin üzü qibləyə olan qədim şəhərdən REPORTAJ
Ağsu şəhərini 1735-ci ildə Nadir şah Əfşar saldırıb. APA TV-nin məlumatına görə, o, Suqovuşan adlı yerdə özünü şah elan edib.
Şəhər Şamaxının zəlzələdən, arası kəsilməyən müharibələrdən dağılması səbəbindən yaradılıb. Ruslar ona hətta “Yeni Şamaxı” deyiblər. Qədim Ağsu 40 hektar ərazidə salınıb, qala divarları ilə əhatə olunub. Divarların özülü çay daşından, üst hissəsi isə çiy kərpicdən hörülüb.
"Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarixçi-arxeoloq Fariz Xəlilli deyir ki, qədim Ağsu şəhəri xanlıqlar dövrünü öyrənmək üçün ən yaxşı mənbədir. Ərazidə çörəkbişirmə, misgərlik, dəmirçilik, sümük işləri, boya emalatxanaları, hamam, sahəsi 240 kvadrat metr olan buzxana, mərmilər, müxtəlif məişət əşyaları, o cümlədən dəmir qazanlar, sümük daraqlar, xəncər dəstləri, qəlyanlar, London qabları, möhür aşkar edilib. Tarixçilərin qənaətinə görə, şəhərdə verginin əsas hissəsi boya ixracı hesabına formalaşıb. Axtarışlar nəticəsində əldə olunmuş qırmızı kütlələri Türkiyənin Mərmərə Universitetinin professoru Rəcəb Qaradağ analiz edib. Bəlli olub ki, həmin kütlə təbii boyaqotudur.
Tarixçi bildirir ki, qədim Ağsunun bütün evləri üzü qibləyədir. Şəhərin altından çoxlu su xətləri keçir. Evlərin, yolların, məscidin altında belə saxsı borular aşkarlanıb. Bunların hamısı dəstəmaz və qüsl ehtiyaclarına hesablanıb.
Sahəsi 576 kvadrat metr Cümə məscidi çay daşından və çiy kərpicdən hazırlanıb. Deyilənə görə, Nadir şah tərəfindən tikilib. Deyilənə görə, bu məscid Özbəkistanın Xarəzm şəhərinin Xivə vilayətində olan məscidlə eynilik təşkil edir. İlkin ehtimala görə, Nadir şah ora gedəndə məscidi görüb və oxşarını burada tikdirib. Məscid ruslar tərəfindən dağıdılıb. Qazıntılar zamanı buradan top mərmilərinin də tapılması bunu sübut edir.
Aşkar olunmuş məscid dövrünün ən böyük ibadət evlərindəndir. Binanın üstü 60 ton ağırlığında kirəmitlə örtülüb. Həyətində 150 tonluq su anbarı olan dəstəmazxana, Molla Məhəmməd Hüseyn adı yazılmış məzar, bir neçə uşaq qəbri aşkarlanıb.
Qədim Ağsu tarixi hadisələr meydanına çevrilib, tarixi şəxsiyyətlərin səyahət etdiyi məkan olub. Tarixçilər I və II Sam Mirzə hadisələrinin bu ərazilərdə baş verdiyini deyirlər. Nadir şah öldürüldükdən sonra bu ərazilərdə Şirvan xanlığı yaradılıb. Qədim Ağsu Şirvan xanlığının paytaxtı olub. Ağa Məhəmməd şah Qacar, rus sərkərdələri Aleksandr Zubov, Pavel Sisiyanov buraya gəliblər. Qədim Ağsu Səfəvilərin son şəhəri olub. 1760 və 1790-cı illərdə qədim Ağsuda taun epidemiyasının yayıldığı bildirilir. Şəhər qəbiristanlığında aparılmış tədqiqatlar zamanı həmin illərə aid çoxlu qəbir aşkarlanıb.
Mərkəz olduğuna görə ərazini ələ keçirmək istəyənlər buraya hücumlar ediblər. Şəhərin tam dağılmasının səbəbi camaatın İsmayıllının Surut kəndi yaxınlığındakı üç tərəfi sıldırım qaya olan Fit dağına köçürülməsidir. Mustafa xan Sərkər şəhərdən paytaxt kimi istifadə etməyin mümkün olmadığını gördükdən sonra şəhəri köçürür. Sonrakı şəhərin ömrü 20 il çəkir.
Bura Ağsu şəhərində aparılan dördüncü qazıntı işləridir. 3500 kvadrat metr ərazini əhatə edən burada gördüyünüz kimi böyük bir şəhər aşkar edilib. 20-dən çox təndir, su quyuları, kanalizasiya xətləri aşkar edilərək olduğu kimi qorunub saxlanılır.
Boyaq dükanından çox maraqlı şirli və şirsiz saxsı məmulatı, şüşə qablar da aşkar edilib. Şüşə qablardan biri Londonda istehsal olunmuş içki şüşəsidir. Rus hərbçilərinin məktublarında Şirvan xanlığında kəndlilərin belə imkanlı olduqları onların evlərində ingilis istehsalı məişət əşyalarının üstünlük təşkil etməsi ilə əlaqələndirilir. Şəhər küçəsinin şimalında isə Ağsunun çörək tələbatının böyük bir hissəsini ödəmək gücündə olan iri təndirlər, çörəkxanalar, ocaq qurğuları aşkar olunub.
5 qazıntı sahəsindən 8000-dən çox qızıl, gümüş, mis, saxsı, şüşə, daş, sümük və s. eksponatlar inventarlaşdırılaraq götürülüb, bir qismi muzeylərə təhvil verilib, bir qismi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində saxlanılır.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Həsənov deyir ki, turistlər seçimini təbiətə və tarixə görə etdikləri üçün turizm şirkətləri arxeoloji turların artırılmasına maraqlı olmalıdırlar.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə arxeoloji turizm qazıntılarının baxılması və Ora Əsr qədim şəhərlərin ekskursiyası təşkil olundu. Bu infoturlarda media nümayəndələri, ölkəmizin aparıcı turizm şirkətlərinin nümayəndələri iştirak etdilər. Əsas məqsəd turizmin inkişaf etdirilməsi və qeyri-ənənəvi olan turizm növlərinə marağın artırılması, bu istiqamətdə turistlərin cəlb edilməsidir.
Nazirlik nümayəndəsi onu da bildirib ki, Azərbaycanda tezliklə daha bir neçə turizm marşrutları təqdim olunacaq.